Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib...

16 2019 18:35

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış Aqrar İnkişaf Könüllülərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə bölgələrdə görüşlər keçirilir. Zaqatalada da Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Univerisitetinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yerli təsərrüfat sahibləri və gənc könüllülərlə görüş keçirilib. Bölgə və Univerisitetin elm xadimlərinin qatıldığı tədbirdə əvvəlcə Respublikada və rayonda aqrar sahənin inkişafı sahəsində görülən işlərdən danışılıb. Bildirilib ki, aqrar rayon olan Zaqatalada pambıqçılıq və sitrus meyvəçilikdən başqa ölkədə mövcüd olan bütün kənd təsərrüfatı sahələri inkişaf etdirilir. Tədbir çərçivəsində çıxış edənlər gənc könüllülərə fəaliyyətin daha da genişləndirilməsi üçün tövsiyə və tapşırıqlarını verib. Aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə vermək baxımından könüllü tələbələrə dəstək olunacağı diqqətə çatdırılıb.