Şəkidə nəzarətçi müəllimlərin sertifikatlaşdırılması üçün imtahan keçirilib.

07 2019 16:26

Dövlət İmtahan Mərkəzi Şəkidə nəzarətçi müəllimlərin sertifikatlaşdırılması üçün imtahan keçirib. Zal nəzarətçilərinin sertifikatlaşdırılmasında əsas məqsəd imtahanların daha şəffaf idarə edilməsi və mənfi halların minimuma endirilməsidir. Şəki regionu üzrə sertifikat əldə etmək üçün müraciət ünvanlayan 70 nəfərdən 42 nəfəri test imtahanına buraxılmaq üçün qeydiyyata alınıb. Qeyd edək ki, sertifikat almaq üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən, yaşı 25-45 arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər. Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. Test imtahanlarından uğurla keçən namizədlər iki günlük təlimlərə qatılacaqlar. Yekun imtahan mərhələsi isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Sertifikat əldə edən nəzarətçi müəllimlər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bütün imtahan proseslərinə cəlb olunacaqlar.