Şamaxıda zəlzələnin fəsadları...

06 2019 17:28

Gecə saatlarında ölkə ərazisində qeydə alınan zəlzələ fəsadlara səbəb olub. Hazırda fəsadların aradan qaldırılması və dəyən ziyanın müəyyənləşməsi istiqamətində iş aparılır. Ən çox dağıntı Şamaxıda qeydə alınıb. Yeraltı təkanlar səbəbindən rayon ərazisində elektirik enerjisi və təbii qazın verilişi dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, təmir-bərpa işləri başa çatdırıldıqdan sonra Şamaxı rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi tam bərpa olunacaq. Rayona elektrik enerjisinin verilişi isə artıq bərpa olunub. Rayon mərkəzində bir neçə mağazaya ziyan dəyib. Ərzaq məhsulları rəflərdən dağılaraq yararsız hala düşüb. Şəhərin müxtəlif ərazilərində fərdi yaşayış evlərində, yardımçı tikililərdə irili xırdalı çatlar və çökmələr baş verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hadisə yerində mövcud vəziyyətlə tanış olub. Səhiyyə Nazirliyi zəlzələdən həyacanlanan 1 nəfərin dilinin tutulduğunu, 1 nəfərin beyninə qan sızdığını açıqlayıb. Təhsil Nazirliyindən isə bildirilib ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib. Şamaxıda baş verən zəlzələyə görə məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir. Seysmoloji Xidmət Mərkəzinin açıqlamasına görə, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir. Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb. Monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup rayonlara ezam olunub. İsmayıllıda isə Sulut, Kələveyvə və Sərsurə kəndlərində əvvəlcədən qəzalı vəziyyətdə olan evlərdəki çatlar böyüyüb.. Qeyd edək ki, zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində qeydə alınıb. Yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Ardınca yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.