Məcburi köçkünlərə dövlət qayğısı...

05 2019 15:21

Prezident İlham Əliyevin şəhid ailələri üçün verilən təqaüdün artırılması haqqında imzaladığı sərəncam şəhid ailələrinə göstərilən qayğının bariz nümunəsidir. Qaxda məskunlaşan Şəhid Fazil Abdullayevin ailəsi də bu addımı yüksək qiymətləndirir. Qarabağ döyüşlərində şəhid olan Fazil Abdullayevin ailə üzvləri Laçın rayonundan məcburi köçkün düşərək Qax rayonunun Şıxlar kəndində məskunlaşıblar. Fazil Abdullayev 1992-ci ilin may ayında doğulub boya-başa çatdığı Laçın rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Fazil şəhid olduğu vaxt evli və 2 uşaq atası olub. Məcburi köçkünlərə, şəhid ailələrinə dövlət qayğısı yurd-yuvalarından didərgin düşən insanların yaşayışının yaxşılaşdırılmasına xidmət edir. Laçın rayonundan məcburi köçkün düşən Abdullayevlər ailəsi də dövlətin dəstəyini daim hiss etdiklərini deyirlər. Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəliyindən verilən məlumata görə, Şimal-qərb bölgəsində məskunlaşan məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün son illər xeyli iş görülüb. Qeyd edək ki,dövlət başçısının imzaladığı fərmana görə, şəhid ailələrinin prezident təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.