İcra başçısı Paşanlılarla görüşdü...

01 2019 15:20

Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu dəfə rayonun Paşan kəndində sakinlərlə görüşüb. Əvvəlcə Respublikada, o cümlədən rayonda görülən abadlıq, quruculuq işlərindən, bölgə üçün ənənəvi sayılan kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən dövlət qayğısından söz açılıb. Bildirilib ki, tütünçülük, baramaçılıq, gülçülük və fındıqçılıq kimi sahələrin inkişafı ölkəyə valyuta gətirməklə yanaşı, həmdə əhalinin rifah halının yüksəldilməsi və işsizliyin aradan qaldırılmasına xidmət edir. Paşan kəndində də sakinlərin əsas məşğulluğunu fındıqçılıq, tütünçülük, baramaçılıq və maldarlıq təşkil edir. Son illər rayonda aparılan abadlıq-quruculuq işləri bu kənddən də yan keçməyib. Kənddə yol infrastrukturu yaxşılaşdırılıb, yeni məktəb binası istifadəyə verilib. Bununla belə, hələ öz həllini gözləyən problemlər də var. Belə ki, məktəb binasının istilik sistemində batareyaların dəyişdirilməsinə ehtiyac var. Bundan əlavə, məktəb kollektivi təhsil ocağına yaxın ərazidə fındıq və gər tingləri əkmək üçün onlara sahə ayrılmasını da rayon rəhbərliyindən xahiş etdi. Sakinləri narahat edən digər məsələ isə sel sularıdan mühafizə üçün yeni bəndlərin salınmasıdır. Sakinlərin problemlərini diqqətlə dinləyən rayon rəhbərliyi həlli istiqamətində aidiyyatı qurumlara lazımi tapşırıqlarını verib.