Peşəsi ilə hər kəsin yanında hörmət qazanan 80 yaşlı sənətkar...

26 2019 13:43
Elə peşələr var ki, bu günə qədər çoxlarımız bu haqda heçnə bilmirik. Müasir dövrümüzdə, komputer əsrində hələ də sənədlərin işlənməsi və tikilərək toplanması işini görən insanlar var. Qax rayonunda yaşayan yaşlı bir insan rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrin arxiv sənədlərini tikir.
Ömrünün 30 ilini Qax rayonunun idarə və müəssisələrinin sənəd işlərinə həsr edən 80 yaşlı Sabir Mehdiyev bu peşəsi ilə hər kəsin yanında hörmət qazanıb. Hər gün səhər erkəndən sənəti ilə eyni yaşda olan çemodanını da qoltuğuna vurub yollanır dəvət aldığı idarələrə. Orada ona heç də hər kəsin bacara bilmədiyi bir iş tapşırılır. Müəssisənin rüblük və illik sənədlərini bir araya toplayaraq tikmək. Sabir baba bu peşəni uzun illər öncə yaxın qohumundan öyrənib. Həmin vaxt tikdiyi sənədlər yaxşı alınmayıb və hətta o, bu işi yarımçıq saxlamaq istəyib. Hər sənəd işlərini tək-tək sıra sayları pozulmamaq şərtilə yığaraq cəmləyən və bir-neçə proses nəticəsində tikməyə başlayan Sabir baba bildirir ki, Qax rayonunda yeganə mütəxəssizdir. İtib-batmaqda olan bu peşəni isə hələ ki, davam etdirən yoxdur. Bu işdə göz nurunun,səbrin və dəqiqliyin rol oynadığını söyləyən qəhrəmanımız peşəsini sevdiyini vurğulayır. Qaxda fəaliyyət göstərən idarə və müəssisələrin mühasibləri Sabir dayını daha yaxşı tanıyırlar. Onlar yaşlı mütəxəssisi mühasiblərin köməkçisi adlandırırlar. Peşəsindən asılı olmayaraq, öz işinə aşiq olan, ona hörmət bəsləyən insanlar hər kəs tərəfindən həmişə sevilir. 80 yaşında canında can tapan Sabir baba kimi peşəkarlara isə, bizdən can sağlığı arzulamaq düşər...