İsmayıllının Lahıc qəsəbəsi və Gəndov kəndində məktəblərə mediatur təşkil etdilib....

24 2019 17:37

İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur təşkil edilib. Öncə media nümayəndələri və təhsil ekspertləri Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, ölkə Prezidentinin sərəncamına əsasən, 2018-ci ildə quraşdırılan modul məktəbdə 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir. Məlumat verilib ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Daha sonra media nümayəndələri Lahıc qəsəbə tam orta məktəbi ilə tanış olublar. Məktəbin tikintisinə 2017-ci ilin dekabr ayında başlanılıb, 2018-ci ilin avqust ayında tikinti-quraşdırma işləri başa çatdırılıb. 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Binanın daxilində hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar, idman zalı üçün xüsusi olaraq paltardəyişmə otağı, duş və sanitar qovşaqlar tikilib. Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Daha sonra qonaqlar işə yeni qəbul olunmuş müəllimlərin dərs prosesini izləyiblər.