Robotexnika Mühəndisliyi Akademiyası Praktiki mühəndislik və liderlik dərnəkləri təşkil edib...

24 2019 17:05

Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən Şamaxıda Praktiki mühəndislik və liderlik dərnəkləri təşkil edilib. Keçirilən təqdimat mərasimində Şamaxı rayon ümumtəhsil müəssisələrinin şagird və müəllim heyəti iştirak edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə reallaşdırdığı Robopark layihəsi çərçivəsində,dərnəklərdə robotexnika, dron texnologiyaları, mürəkkəb kodlaşdırma, informatika və proqramlaşdırma sahəsində məşğələlərin təşkil olunması nəzərdə tutulub. Məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağının artırılması, robot texnika üzrə ilkin prototiplərin hazırlanmasına imkan yaratmaqdır. Bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi digər tərəfdaşları ilə birgə davamlı işlər görür. 4 ay davam edəcək “Mən pilotam” təlimi isə 8-12 yaş arası məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq. Təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir. Təlimlər zamanı iştirakçılar üçün təkcə dərs deyil, onların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil ediləcək. Təqdimat mərasimində Şamaxı məktəblilərinə tədris olunacaq “Yapon mühəndisliyi proqramı haqqında da məlumat verilib. 8-13 yaşlı uşaqlar üçün 3 istiqamətdə tədris olunan proqram yapon texnologiyası təhsil sistemi əsasında hazırlanmış modullardan ibarətdir. Buraya 3D texnologiyalarının tədrisi daxildir.