20 Yanvar faciəsinin ildönümü şimal-qərb bölgəsində də milli qürur günü kimi qeyd olunub...

21 2019 18:31
Xalqımızın azadlıq, istiqlal mübarizəsinin simvoluna çevrilən, Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi yazılan 20 Yanvar faciəsinin 29-cu ildönümü Şamaxı şəhərində də hüznlə qeyd olunub. Şamaxılılar Azərbaycanın müstəqilliyi uğrunda canından keçənləri anmaq üçün Şəhidlər xiyabanına axın ediblər. 93 şəhidin xatirəsinə ucaldılmış abidə kompleksində izdiham yaşanıb. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri, rayon gəncləri Vətənin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
20 Yanvar faciəsinin 29-cı ildönümü ilə əlaqədar İsmayıllıda da ümumrayon tədbiri keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri səhər satlarından Şəhidlər xiyabanına axın edib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə əlilləri, Qarabağ müharibəsi veteranları şəhid məzarlarını ziyarət edib. Şəhidlərin ruhuna dualar oxunub. Ardınca Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə “20 Yanvar”a həsr edilmiş sərgi nümayiş etdirilib. “20 Yanvar qan yaddaşımızdır” mövzusunda kompozisiya nümayiş edilib. Ölkənin hər yerində olduğu kimi 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qəbələ rayonunda da Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib. Rayon administrasiyası, idarə və qurum rəhbərləri və onlarla Qəbələ sakini şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə qırmızı qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad ediblər.
Şəkidə də şəhər rəhbərliyi, əmək kollektivləri, ictimaiyyət nümayəndələri, müharibə və əmək veteranları, gənclər səhər saatlarından başlayaraq Şəkinin dağüstü ərazisində yerləşən Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.Ümumşəhər toplantısında çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olduğunu bildiriblər. Vurğulanıb ki, Azərbaycan xalqı bu qanlı hadisələr zamanı öz qürurunu itirməyib, onun iradəsi qırılmayıb. Həmin gün şəhərdəki Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunub.

Faciənin ildönümü ilə əlaqədar Qax şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları, əmək kollektivlərinin nümayəndələri, rayon sakinləri də səhər saatlarından etibarən Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər. Anım tədbirində isə foyedə məktəblilərin “Qanlı Yanvar” mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Çıxış edənlər 20 Yanvar hadisələrinin müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını vurğulayıblar.