Zaqatalanın məşhur "Gicitkən xəngəli" turistlərin də sevimli yeməyinə çevrilib...

12 2019 14:17

Gicitikən- şimal-qərb bölgəsində bu bitkiyə həm də cimcar deyirlər. Elə adı kimi dalayan, əli gicitən bu bitkinin təbabətdə faydaları çoxumuza məlumdur. Ancaq Zaqatalada isə gicitkəndən həm də xəngəl və qutab hazırlanır. Dadı ilə turistlərin belə sevimli yeməyinə çevrilən bu xəngəl növü restoran menyularında da ilk sıralarda durur. Gicitkən xəngəlini hazırlamaq üçün ilk əvvəl təmiz yerdən toplanan gicitkənlər yaxşıca yuyulduqdan sonra doğranır və qaynadılır. Üzərinə qızardılmış soğan, duz və qoz ləpəsinin əzməsi qatılaraq xəngəlin içliyi hazırlanır. Daha sonra isə ardıcıl olaraq xəngəl üçün adi qaydada xəmir yoğrulur, dincəldildikdən sonra kündələnərək nazik şəkildə yayılır və yumru kəsici alətin köməkliyi ilə kəsilir. İçərisi içliklə doldurularaq bükülür. Bu yemək hətta bəzi yeməkxana və istirahət mərkəzlərininin də menyusuna daxil edilib ki, bu da bölgəmizə gələn yerli və əcnəbi qonaqlar tərəfindən maraqla qarşılanır. Gicitkən yeməkləri adətən qış və yaz aylarında hazırlanır. Səbəbi isə çox sadədir. Yay və payıza nisbətən gicitkən bu fəsillərdə yeni çıxdığından daha kövrək və dadlı olur. Digər tərəfdən isə olduqca faydalı və yüksək enerji dəyəri olan bu yeməyi soyuq qış aylarında və yazda qəbul etmək orqanizmin immunitetini artırır.