2018-ci ildə Zaqatala Qoruğunda 19 qanun pozuntusu aşkarlanıb...

08 2019 15:33

Yola saldığımız 2018-ci ildə Zaqatala Dövlət Təbiət qoruğu ərazisində ümumilikdə 19 qanun pozuntusu aşkarlanıb. Mühafizəni gücləndirmək və eyni zamanda qoruq ərazisində canlıları izləmək məqsədi ilə quraşdırılan kameraların sayı da ötən il artırılaraq 16-ya çatdırılıb. Zaqatala Dövlət Təbiət Qoruğu Cənubi Qafqazda yaradılan ilk qoruqlardandır. Qoruqda Azərbaycan üçün nadir hesab edilən bitki növlərindən 51-i Azərbaycanın Qırmızı kitabında qeydə alınıb. Son tədqiqatlara əsasən Zaqatala Dövlət Təbiət Qoruğunda mövcud olan 104 növ quşdan 11-i , 42 növ məməli heyvandan 15 növü, 8 növ suda-quruda yaşayanlardan 3 növü, 13 növ sürünənlərdən 3 növü, 4 növ balıqdan isə 3 növü Qırmızı kitaba salınıb.Qoruğun ərazisi əksər yerlərdə yaşayış məskənlərinə yaxın olduğundan bu da mühafizə işini bir qədər çətinləşdirir. Belə ki, ötən il qeydə alınan 19 qanun pozuntusundan 4-ü qanunsuz ov, digərləri isə qoruq ərazisinə qanunsuz daxil olma, qoruq ərazisində heyvanların otarılmasıdır. Qoruq ərazisində canlı faunanın izlənilməsi, eyni zamanda mühafizə işlərinin səmərəliliyini artırmaq məqsədi ilə müşahidə kameralarından istifadə edilir. Qoruqların yaradılmasında əsas məqsəd nadir təbiət incilərinin qorunması olduğundan təkcə aidiyyati qurumlarla yanaşı, sıravi vətəndaşlarda bu işdə əllərindən gələni əsirgəməməlidirlər. Çünki, bu təbiət bizimdir, aldığımız hava, içdiyimiz su üçün meşələrə və onların təbii flora və faunasına borcluyuq.