Pravoslavlar Milad bayramını qeyd edirlər...

07 2019 17:13

Bu gün pravoslavlar İsa Peyğəmbərin mövludu günü - Milad bayramını qeyd edirlər. Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udilər də bu günü özünəməxsus şəkildə keçirib. “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasimində dini ayinlər həyata keçirilib, dualar oxunub. Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib. Tədbirdə Alban-udi icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətimizin onlara olan diqqət və qayğısından danışıb. Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpası ölkədə tolerantlıq mühitinə nümunə kimi qiymətlənidirilib. Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. Yeddi min nəfər əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Bir sözlə, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.