Qaxda ilk dəfə ölüm ayağında olan inək üzərində qeysəriyyə əməliyyatı aparılıb...

05 2019 17:37

Qax rayonunun Qaradolaq kəndində Azərbaycanda ilk olaraq heç bir şərait olmadan doğum zamanı ölüm ayağında olan inək üzərində qeysəriyyə əməliyyatı aparılıb. Qaradolaq kənd sakini Füzuli Rəşidovun ailəsinin əsas gəlir mənbəyi maldarlıqdır. Uzun illərdir ki, Rəşidovlar mal-qaraya baxaraq ailə təsərrüfatlarını genişləndirib. Bir müddət əvvəl təsərrüfatdakı inəklərdən biri doğum müddətində çətin anlar yaşayıb. İlk dəfə bala verən heyvan qarnındakı bala ilə birgə tələf olmaq təhlükəsi ilə üzləşib. Heyvanın təbii yolla doğa bilməyəcəyini görən təsərrüfat sahibi baytar həkimə müraciət edib. Sahə baytarlıq mənəqəsinin həkimi Hamlet Abbasov inəyə baxış keçirərkən onun çanaq sümüklərinin yetərincə genişlənmədiyinə görə təbii yolla doğa bilməyəcəyini müəyyənləşdirib və belə qərara alıb ki, qeysəriyyə yolu ilə balanı xilas etsin. Ev sahibinin də razılığı ilə baytar təcrübəsinə güvənərək əməliyyata başlayıb və əməliyyat uğurlu alınıb. 25 sm-lik bir yarıqla buzovu azad edib, kəsiyi tikərək heyvanı xilas edib. Baytar həkimin sözlərinə görə, ilk günlər inəkdə yerimə və qidalanma zəif olsa da artıq bu proses də arxada qalıb. Hazırda müvəqqəti olaraq südü az olsa da inək və balası normaldır. Təsərrüfat sahibləri hələlik yeni doğulmuş buzovu əlavə südlə təmin edirlər. Baytar həkim hər gün inəyi nəzarətdə saxlayır, lazım olan müalicəni davam etdirir.