Məktəblilər maarifləndirildi...

29 Dekabr 2018 18:12

Şəkidə hüquq mühafizə orqanları təhsil müəsissələrində maarifləndirici tədbirləri davam etdirir. Növbəti belə görüş Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə baş tutub. “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizm” və “Yol hərəkəti qaydaları” mövzusunda keçirilən tədbirdə hüquq -mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə "ARB ŞƏKİ"nin "Siqaretə yox" devizi altında hazırladığı "Ölüm tüstüsü" sənədli filmi izlənilib. Film siqaretin zərərlərindən bəhs edir. Uşaqlardan tutmuş məşhur şəxslərə, mütəxəssislər, həkimlər, elm adamlarına qədər bir çoxlarının siqaretin zərərləri ilə bağlı önəmli fikirləri filmdə yer alıb. Həmçinin siqareti tərgidən şəxslərin sonradan həyatının necə dəyişdiyi əks olunub. Film izlənildikdən sonra çıxış edənlər narkotikin insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıblar. Eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışılıb. Bununla əlavə, erkən nikahın fəsadlarından və dini radikalizmin doğurduğu mənfi cəhətləri və gənc ailələrdə yaratdığı problemlərdən söz açılıb. Şagirdlər də onları maraqlandıran sualları hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanlayıblar.