Şəbəkə sənətini yaşadanlar...

29 Dekabr 2018 17:06

Şəbəkə Şəkinin hər zaman fərqliliyini göstərən sənət növlərinin başında gəlib. Xanlıqlar dövrünə qədər uzanan sənətin kökləri bu gün də yaşadılmaqdadır. Bu sənət növünə sovet dövrlərində maraq azalsa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra vəziyyət yenidən dəyişdi. Hazırda Şəkidə şəbəkə sənət növü yaşadılır və inkişaf etdirilir. Şəbəkə sənətinin inkişafında əvəzsiz rola sahib insanlardan biri də Tofiq Rəsulovdur. Uzun illərdir Rəsulovlar ailəsində nəsildən-nəslə ötürülən və davam etdirilən sənət çiçəklənməyə davam edir. Hazırda müxtəlif dünya səviyyəli sərgilər üçün şəbəkədən fərqli fiqurlar hazırlayan usta və şagirdləri ölkəni beynəlxalq arenalarda təmsil edirlər. Hazırladıqları, şahmat və digər formalardakı fiqurlar bu gün də hər kəs tərəfindən yüksək qiymətləndirilir və dəyərləndirilir. Tofiq usta sənətə marağın günü-gündən artdığını deyir. Şəbəkə ustası hazırda növbəti sərgiyə hazırlaşır. Buna görə də yeni şəbəkə fiquru üzərində işlər gedir. 10-minə yaxın detala sahib olacaq bu fiqurda bir neçə şəbəkə növü öz əksini tapacaq. Şəbəkə ustası bu il 10 illiyini qeyd edən "ARB Şəki" televiziyasına da xüsusi hədiyyə hazırlayıb. Tofiq usta şəbəkədən "ARB Şəki"nin loqosunu düzəldib. Usta ARB Şəkini daim izlədiklərini və şəbəkə sənətinin inkişafında, bu sənətin daha geniş kütləyə tanıdılmasında çox böyük rola sahib olduğunu bildirib. Tofiq usta bundan sonra da şəbəkə sənətinin inkişafı üçün lazımı addımları atacaqlarını, bu sənətin ölümsüzləşməsi üçün əllərindən gələni edəcəklərini qeyd edib. Həmçinin sənətin yaşaması üçün daim yeni layihələr üzərində də iş aparılır.