Bu gün "ARB ŞƏKİ" media şirkəti 10 illiyini qeyd edir...

29 Dekabr 2018 16:35

Tam 10 il öncə məhz bu gün Şəkidə “Kanal S” televiziyası fəaliyyətə başlayıb. Şimal-Qərb bölgəsini əhatə edən televiziya rebrendiq edərək son 2 ildir ki, “ARB Şəki” adı altında öz fəaliyyətini davam etdirir. Bu 10 il ərzində saysız hesabsız uğura imza atmış televiziyamız hər zaman xalq tərəfindən sevilərək izlənib. Əlbəttə bir çoxları televiziyanı simaları ilə tanıyır. Ancaq televiziyanın görünən üzü olan aparıcılara qədər bu 10 il ərzində ARB Şəkinin saat kimi dayanmadan işləməsini təmin edən, ancaq heç vaxt tanınmayan əməkdaşları da var. Elə başlayaq həmişə bizi çəkib üzlərini görmədiklərinizdən. Hazırlanan materialların efirə təqdim edənlər də sizin görmədiyiniz simalardır. Söhbət materialları efirdə təqdim edən aparıcılardan yox, reportajların efirə getməsində əsas səbəbkarlar olan efir rejissoru, səs rejissoru, efir redaktoru kimi kadr arxasında qalan şəxslərdən gedir. Televiziya da hər bir verilişin layihə rəhbərləri, prodüsserləri, redaktorları, koordinatorları və montajçıları var. 1, 2 saatlıq canlı verilişlərin ərsəyə gəlməsində əsas rol oynayan bu insanlar aysberqin görünməyən üzüdür. Hə bir də bizim materiallarımızı sosial şəbəkələrə yükləyən, sizə ən son məlumatları internet üzərindən çatdıran veb redaktorumuz var. Televiziyanı texniki heyətsiz təsəvvür etmək olmaz. İnternet zəif olanda, kompyuterlər düzgün işləməyəndə və ya hər hansı texniki problem yarananda birbaşa onların üzərinə gedirik. Çəkiliş yerinə bizi vaxtında çatdıran sürücüləri də unutmaq olmaz. Müxbirlərin dili ilə desək, xəbərin tamaşaçıya operativ çatdırılması, yaxşı sürücüdən asılıdır. Televiziyanı texniki heyətsiz təsəvvür etmədiyimiz kimi, xəbərlərsiz də təsəvvür etmək qeyri-mümkündür. ARB Şəkinin görən gözü və hər qaynar hadisəyə anında müdaxilə edən əli olan xəbərlər. Bu 10 il ərzində televiziya bir çox müxbir, aparıcı yetişdirib. İndi işləməyib ürəyi ARB Şəki ilə döyünənlər də var...