Şamaxıda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi...

28 Dekabr 2018 17:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şamaxı rayonunda inşa etdirdiyi 36 mənzilli yaşayış binasını şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verdi. Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Nəticədə, bu il həmin kateqoriyalardan olanlara təqdim olunan mənzillərin sayı 3 dəfə artaraq 626-ya çatıb. Bu isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən xüsusi qayğıdan xəbər verir. Tədbirdə Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərdən də bəhs edilib. Özünüməşğulluq proqramı çərçivəsində 7,8 min ailənin bu proqrama cəlb edildiyini, onlardan 160-nın şəhid ailəsi, eyni zamanda proqrama cəlb edilən 1000-dən çox əlilliyi olan şəxslərdən mühüm bir hissəsinin Qarabağ müharibəsi əlilləri olduğu diqqətə çatdırılıb. Yeni mənzil alan şəxslərə açarlar təqdim edilib. Mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində yeni mənzillərlə təmin edildiklərinə minnətdarlıqlarını ifadə ediblər.