Kirayə evdə baş verən hadisəyə görə məsuliyyəti kim daşıyır?

28 Dekabr 2018 16:56
Mənzil bazarında ən çox istifadə olunan nüans evlərin kirayəyə verilməsidir. Bir şəhərdən digərinə köçənlər, ev almağa və ya tikməyə imkanı olmayanlar mənzillərin kirayəsinə üz tuturlar. Bəs bu tip evlərin kirayəyə götürülməsi zamanı hansı şərtlər var? Bağlanacaqsa hansı maddələr olmalıdı? Kirayə yaşadığı mənzildə hər hansı hadisə baş verdikdə məsuliyyət kimin üzərinə düşür? Ətraflı sujetdən biləcəksiniz. Əslində ev kirayəsi zamanı tərəflər arasında müqavilə bağlanması vacibdir. Bu müqavilənin şərtləri də həm mülki, həm də mənzil məcəlləsində aydın şəkildə göstərilib. Ancaq çox zaman nəinki, bu müqavilənin şərtləri pozulur, ümumiyyətlə tərəflər arasında müqavilə belə imzalanmır. Mənzil müqavilələrində kirayə verilən mənzilin texniki vəziyyəti, bütün məişət avadanlıqlarının adı, sayı, sığorta hadisələri mütləq qeyd edilməlidir. Bundan əlavə mənzildə baş verə biləcək hadisələr, yanğın, partlayış, subasma və digər xoşagəlməz hadisələrin baş verdiyi təqdirdə məsuliyyətin kimin üzərində olduğu da müqavilədə göstərilməlidir. Baş verən hər hansı hadisədən sonra, araşdırmalar nəticəsində tərəflər arasında müqavilənin bağlanmadığı aşkar olunarsa, qanunvericiliyə uyğun olaraq cərimələr də tətbiq olunur. Hər halda, bütün bu məsuliyyətlərdən azad olmaq üçün, kirayə verdiyiniz mənzili verdiyiniz kimi təhvil ala bilməyiniz üçün qarşılıqlı olaraq müqavilənin bağlanması önəmlidir.