Zaqatalanın Əliabad bazarında bayramqabağı qiymətlər...

27 Dekabr 2018 17:48

Zaqatala rayonunun Əlabad qəsəbəsində yerləşən Həftə bazarı təkcə rayon əhalisinə yox, o cümlədən bütövlükdə şimal-qərb bölgəsinə xidmət göstərir. Qonşu rayonlardan olan alıcı və satıcılar demək olar ki, hər həftə alış-veriş üçün bu bazara üz tuturlar. Əməkdaşlarımız bazarda bayramqabağı qiymətlərlə maraqlanıb.Əliabad bazarı bölgədə ən ucuz bazar sayılır. Bölgənin ən qədim və tarixi bazarı olan həftə bazarına bayram ərəfəsində ətraf rayonlardan da gələn alıcıların sayı xeyli artıb. Ərzaq və geyim məhsullarında qiymətlər sabit qalsa da, bəzi kənd təsərrüfatı məhsullarında hətta ucuzlaşma nəzərə çarpır. Bayram süfrəsinin bəzəyi olan müxtəlif növ quş ətləri həm diri həm də kəsilmiş,hazır vəziyyətdə burada alıcılara təklif olunur.Qiymətlərə gəlincə,diri hind toyuğu çəkisindən asılı olaraq 25-30 manata,diri toyuq isə 5-12 manata satılır. Bayram günlərində tələbatın nisbətən çox olduğu narıncının bir kiloqramı 1 manatla - 1 manat 50 qəpik aralığında, portağalın kiloqramı 2 manata qədər dəyişir. Hazır kəsilmiş dana və quzu əti isə 9-10 manata alıcılara təklif edilir. Kartof 70 qəpik, soğan 40 qəpik, yerkökü 30 qəpik, göyərti isə 6-10 dəstəsi bir manatdan satılır. Keyfiyyətə gəlincə, bazarda satışa çıxarılan məhsulların yararlılığı nəzarət altındadır.