Qəbələdə vergi ödəyiciləri məlumatlandırıldı...

26 Dekabr 2018 15:12

Qəbələdə 10 saylı Ərazi Vergilər İdarəsi Qəbələ rayonu üzrə vergi ödəyicilərinin iştirakı ilə görüş keçirib. Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında vergi ödəyicilərinə ətraflı məlumat verilib. Bildirilib ki, dəyişikliklərin əsas hədəfi «kölgə iqtisadiyyatı»nın həcminin azalması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir. Vergi Məcəlləsinə edilən dəyişikliklər həmçinin pərakəndə ticarət və ictimai iaşə sektorunda dövriyyənin rəsmiləşdirilməsində ictimai nəzarətin gücləndirilməsini nəzərdə tutur. İstehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaq. Bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaq. Sonda vergi ödəyicilərinin sualları cavablandırılıb.