Şəki Yeni ilə hazırlaşır...

25 Dekabr 2018 16:42

Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar. Artıq yeni 2019-cu ilə sayılı günlər qalıb. İstər böyüklərin , istərsə də balacaların səbirsizliklə gözlədiyi bayramın qeyd olunması üçün Şəkidə də hazırlıq işləri aparılır. Yeni ilin gəlişi ilə əlaqədar Şəki şəhərinin küçələri, park və xiyabanlar, meydanlar bayramsayağı bəzədilib. Şəhərin mərkəzi küçəsində yeni ilin atributu sayılan şam ağacı quraşdırılıb, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəki Dövlət Dram Teatrı qış tətili günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək. “Qar qız qardənəsi və Dəniz Quldurları” adını daşıyan nağıl-tamaşanın məşqləri sürətlə davam edir. Yeni il bayramı günlərində, dekabrın 29-dan yanvarın 7-dək təqdim olunacaq tamaşanın aktyor heyətində əməkdar artistlər Xanlar Həşimzadə , Rəhim Qocayev və digərləri rol alacaq. Qeyd edək ki, teatrın yaradıcı kollektivi, eyni zamanda, türk dramaturqu Bayazit Gülercanın “Dəniz küləyi lodos” əsəri üzərində məşqləri də davam etdirir. Tamaşa gələn il yanvarın sonunadək teatrsevərlərə təqdim olunacaq.