Zaqatalada “Abad həyət” layihəsi çərçivəsində daha bir xeyir-şər evi istifadəyə verildi...

25 Dekabr 2018 14:45

Zaqatalada “Abad həyət” layihəsi çərçivəsində daha bir xeyir-şər evi sakinlərin istifadəsinə verilib. Sülh küçəsində yerləşən 150 yerlik xeyir-şər evi ərazidəki dörd çoxmənzilli binada yaşayan 200-dək ailəyə xidmət göstərəcək. Layihə çərçivəsində ictimai binaların həyətində bir hektara yaxın sahədə abadlıq, təmir və yaşıllaşdırma işləri aparılıb, idman və uşaq oyun meydançaları, avtomobillər üçün parklanma yerləri inşa edilib. Həmçinin yeni transformator yarımstansiyası, suvarma və işıqlandırma sistemləri quraşdırılıb, məhəllədaxili avtomobil yollarına və keçidlərə üç min kvadratmetrlik asfalt salınıb. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək məhəllə sakinlərini əlamətdar bayramlar münasibətilə təbrik edib, yeni istifadəyə verilən xeyir-şər evində ancaq toy-nişan mərasimlərinin keçirilməsini arzulayıb. Bildirilib ki, bu, son illər Zaqatala şəhərində istifadəyə verilən dördüncü xeyir-şər evidir. Məhəllə sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində onlar üçün yaradılan şəraitin bayram hədiyyəsi olduğunu bildiriblər. İştirakçılar “Abad həyət” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.