Qida Təhlükəsizliyi Agentliyinin sədri Şamaxıda iş üçün müraciət edənlərlə görüşdü...

21 Dekabr 2018 14:55

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şamaxı şəhərində olub. Qoşqar Təhməzli Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Agentliyin yerli bölmələrində işləmək üçün müraciət edən vətəndaşlarla görüşüb. Görüşdə Şamaxı, Ağsu, Göyçay, Kürdəmir və İsmayıllı rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən iddiaçılar iştirak edib. Hüquqşünaslıq, iqtisadiyyat, əmtəəşünaslıq, qida mühəndisi, genetika, tibbi profilaktika, fitosanitariya, aqronomluq, zootexnik, kimya, biokimya, biologiya, mikrobiologiya, İstehlak mallarının ekspertizası ixtisasları üzrə ali təhsili olan və işə qəbul üçün müraciət edən vətəndaşlarla fərdi qaydada söhbət aparılıb. Agentliyin sədri vətəndaşların müraciətlərini və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Səfər çərçivəsində inşası davam edən Şamaxı Regional Bölməsinin və Şamaxı Regional Sınaq Laboratoriyasının inzibati binasına da baxış keçirilib.