Şəkidə tələbələr maarifləndirildi...

19 Dekabr 2018 16:21

Şəkidə hüquq-mühafizə orqanları təhsil müəssisələrində maarifləndirici tədbirləri davam etdirir. Növbəti belə tədbir Şəki dövlət Texniki Kollecində baş tutub. “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizm” və “Yol hərəkəti qaydaları” mövzusunda keçirilən görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, kollecin müəllim və tələbə kollektivi iştirak edib. Çıxış edənlər narkotikin insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb. Şagirdlərə dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışılıb. Bununla yanaşı , erkən nikahın fəsadları, dini radikalizmin mənfi nəticələrindən söz açılıb. Bildirilib ki, ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşılır, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlər də var. Bunlara qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam edir. “Erkən nigah və onun fəsadları “ da tədbirin müzakirə edilən mövzularından olub. Tələbələr də onları maraqlandıran sualları hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanlayıblar.