İsmayıllıda kənd sakinləri Aqrar Məşğulluğun Artırılması layihəsi ilə tanış olurlar...

19 Dekabr 2018 16:04

Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasına İsmayıllı rayonundan başlayıb. Tədbirdə İsmayıllı, Oğuz və Qəbələ rayonlarının gənclərinə layihə barədə informasiya verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin qatıldığı görüşdə yerli özünü idarəetmə qurumlarının nümayəndələri də iştirak edib. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi AMAL regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır. Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.