Şimal-qərb bölgəsinin mətbəxinə aid əvəzolunmaz nümunələrdən biri də "Qaxac"dır...

14 Dekabr 2018 18:17

Xüsusilə də Qax, Zaqatala və Balakən rayonlarda qışda qaxacla bişirilən yeməklər süfrələrdən əskik olmur. Maraqlıdır, bəs görəsən Azərbaycanda çoxlarının tanımadığı, bilmədiyi qaxacın özü necə hazırlanır, necə qurudulur? Qax-Balakən bölgəsində qaxac mövsümü başlayıb. Sakinlər qış azuqəsi üçün ət qurudur. Qaxac hazırlamaq ənənəsi bu bölgədə ta qədimdən formalaşıb və bu günümüzdə də davam edir. Əvvəlcə, heyvan soyulur və onun onurğa sümüyü çıxarılır. Qaxaca hazırlanan ətin tərkibində yalnız qabırğa sümüyü qalır. Ət lazımi qaydada doğrandıqdan sonra duzlanır. Quruduğu müddətdə duz ətin tərkibinə hopur, bununla da ətin tərkibində heç bir xəstəlik qalmır. Qaxacın digər növü isə dolma və ya yerli sakinlərin dili ilə desək, içnour sayılır. Dolma hazırlamaq üçün ət çəkilir, xüsusi ədavalar vurulmaqla bağırsağa doldurulur və qurumaq üçün asılır. Bölgənin əhalisi qış boyunca quru ətdən, dolmadan ləzzətli xəmir xörəkləri- sürfüllü, xəngəl və s. yeməklər bişirdikdə istifadə edirlər.