Şəki Uşaq İncəsənət məktəbinin 80 illik yubileyi qeyd olundu...

14 Dekabr 2018 17:01

Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin fəaliyyətə başlamasından 80 il ötür. Özünəməxsus musiqi ənənələri ilə seçilən bu təhsil ocağının 80 illiyi münasibətilə Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyinin nümayəndələri, məktəbin yetirmələri və musiqisevərlər iştirak ediblər. Şəki şəhər Uşaq İncəsənət məktəbinin 80 illik yubileyi qeyd olunub. İştirakçılar əvvəlcə teatrın foyesində məktəbin qazandığı uğurların əks olunduğu guşəyə və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Daha sonra məktəbin 80 illik tarixini əks etdirən qısa film nümayiş etdirilib. Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 80 ildə keçdiyi yola qısa nəzər salınıb, qazanılan nailiyyətlərdən danışılıb. Qeyd olunub ki, təhsil ocağı rəsmi olaraq 1938-ci ildən fəaliyyət göstərir. Yarandığı ildən musiqi məktəbi, 1984-cü ildən bəzi şöbələrin açılması ilə Uşaq İncəsənət məktəbi kimi fəaliyyət göstərib. Cavanşir Quliyev, Faiq Çələbiyev və başqa incəsənət xadimləri də bu məktəbin məzunları olub. Daha sonra məktəbin musiqi və rəqs kollektivləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış ediblər. Məktəbin direktoru Eldar Rəcəbova Şəki Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub. Qeyd edək ki, Şəki şəhər Uşaq İncəsənət məktəbində 490 şagird fortepiano, skripka, tar, kamança, qarmon, nağara, xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə təhsil alır.