Jurnalistlər hüquq və azadlıqları barədə maarifləndirildi...

13 Dekabr 2018 15:29

Şəki Regional Ədliyyə bölməsinin əməkdaşları “ARB ŞƏKİ” media şirkətində görüş keçirib. Görüş insan hüquq və azadlıqlarına həsr edilib. Xüsusilə də kütləvi informasiya vasitələrində fikir və ifadə azadlıqlarının həyata keçirilməsi məsələsi ilə bağlı ətraflı söhbətlər aparılıb. İfadə və məlumat azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdığı vurğulanıb. Həmçinin insan hüquq və azadlıqları haqqında beynəlxalq səviyyədə qəbul olunmuş bəyənnamələr, qanunlar, paktlar da jurnalistlərin diqqətinə çatdırılıb. Müzakirələr zamanı ifadə azadlığının çərçivələri, hüdudlarına da toxunulub. Jurnalistlərin məlumat əldə etmək və məlumatı yayımlamaq sahəsində qarşılaşdıqları məqamlarla bağlı hüquqşünas mövqeləri də dinlənilib. Mətbuat nümayəndələri üçün qaranlıq qalan, sual doğuran bəzi məqamlara da aydınlıq gətirilib. Tədbir diskussiya şəraitində davam edib. Maarifləndirici xarakterli bu cür görüşlərin vaxtaşırı keçirilməsi nəzərdə tutulur.