Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib...

12 Dekabr 2018 17:01
Müasir Azərbaycan tarixinin əsas inkişaf və yüksəliş mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılıb - şimal-qərb bölgəsində keçirilən tədbirlərdə bu fikirlər xüsusi vurğulanıb.
Şəkidə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib. Bu münasibətlə geniş anım tədbiri keçirilib. Rayon rəhbərliyi və güc strukturlarının nümayəndələri, rayondakı digər idarə və təşkilatların əməkdaşları, rayon ictimaiyyəti ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyaraq ümummilli liderin xatirəsini yad ediblər. Ulu öndərin vəfatının 15-ci il dönümü münasibətilə Heydər Əliyev mərkəzində baş tutan tədbirə isə rayon administrasiyası, hüquq-mühafizə orqanlarının rəsmiləri və şəhər ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə mərkəzlə tanış olublar. Çıxış edənlər vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev zəngin mədəniyyəti, tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət edib. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir. Ulu öndərə həsr olunmuş video çarx nümayiş edilib, musiqi və şeirlər səsləndirilib.
İsmayıllı rayonunda da Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə abidəsi ziyarət olunub. RİH-nin rəsmiləri, idarə və müəssisə rəhbərləri, eləcə də sakinlər Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər-çiçəklər düzüb, öz ehtiramlarını bildiriblər. Daha sonra rəsmilər İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və yaradıcılığından, ictimai-siyası fəaliyyətindən bəhs edən rəsm və kitab sərgisinə baxıblar. Ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş olunub.
Ümummilli Lider vəfatının on beşinci ildönümündə Zaqatalada da anılıb. Rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının və digər idarələrin əməkdaşları ulu öndər Heydər Əlaiyevin abidəsini ziyarət edib, öz ehtiramlarını bildiriblər. Ardınca Heydər Əliyev mərkəzində keçirilən tədbirdə iştirakçılar ümumilli liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Çıxış edənlər ulu öndərin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin anım günü Qəbələ rayonunda da qeyd olunub. Tədbirdə rayon administrasiyası, hüquq mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə rəhbərləri və yüzlərlə qəbələli xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər. Nümayəndələr Heydər Əliyev mərkəzində ulu öndər Heydər Əliyevin xalqa, vətənə bağlı şərəfli və zəngin ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən rəsmlərə tamaşa ediblər. Azərbaycanda hüquqi dövlət quruculuğunun inkişaf strategiyasının ulu öndər tərəfindən hazırlandığı və bunun alternativinin olmadığı, bu gün Ulu öndərin siyasi xəttinin dövlət başçısı tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi möhtəşəm ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər bizim üçün, gələcək nəsillər üçün əsl örnəkdir.
Böyük siyasi xadim, Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci il dönümü Qobustanda da böyük ehtiramla qeyd olunub. Rayon mərkəzində yerləşən Heydər Əliyev adına parkda rayon rəsmiləri ilə yanaşı, yüzlərlə Qobustanlı görkəmli şəxsiyyətin abidəsini ziyarət edilib. Abidə önünə gül dəstələri düzülüb. Anım tədbiri Heydər Əliyev mərkəzində davam etdirilib. Ulu öndərə həsr edilən film nümayiş olunub. Qonaqlar mərkəzdə sərgilənən fotoşəlillərlə tanış olublar. Çıxış edənlər Heydər Əliyevin dövlətçilik siyasətindən və xalqa olan sevgisindən danışıb. Bildrilib ki, xalqımız öz liderini daima ürəklərdə yaşadır və bundan sonra da yaşadacaq.