İsmayıllı qışa hazırdır?

12 Dekabr 2018 16:26

İsmayıllı Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, icra hakimiyyəti qışa hazırlıq işlərinə mövsümə iki ay qalmış başlayıb. Sentyabr ayının sonunda məsələ RİH başçısının yanında şura iclasında müzakirə edilib, nəzərdə tutulan tədbirlərin icrasına yardımçı olmaq və nəzarət etmək məqsədilə qərargah yaradılıb. Bildirilib ki, məktəblərdə, səhiyyə, mədəniyyət müəssisələrində normal istilik yaratmaq, elektrik, qaz, su və yol təsərrüfatını fasiləsiz olaraq işlək vəziyyətdə saxlamaq hər bir cavabdeh şəxsdən böyük məsuliyyət tələb edir. Bu mövsümdə rayon sakinlərini elektrik enerjisi və təbii qazla fasiləsiz təmin etmək məqsədilə rayon elektrik şəbəkəsi və qaz istismarı idarəsi bütün lazımi işləri görüb. Qeyd edilib ki, müəssisələrin balansında olan maşın və mexanizmlər işlək vəziyyətdə saxlanılmalı və zəruri ehtiyat hissələri alınmalıdır. Müşavirədə qarşıda duran vəzifələr müəyyənləşdirilib, konkret tapşırıqlar verilib.