Piyada keçidindən istifadə etməyən piyadalara qarşı nəzarət gücləndirilib...

07 Dekabr 2018 16:37
Zaqatala polisi yol hərəkəti qaydalarını kobud şəkildə pozan və piyada keçidindən istifadə etməyən piyadalara qarşı nəzarəti gücləndirib. Bu məqsədlə keçirilən təhlükəsizlik tədbirlərində qaydaları pozan vətəndaşlar cərimələnib. Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları yeraltı və yerüstü keçiddən istifadə etməyən piyadalara qarşı reyd keçirib. Qaydaları pozan piyadalar barədə inzibati tənbeh tədbirləri görülüb və cərimə olunublar.Nəqliyyatın ən sıx hərəkət etdiyi ərazidə keçidin inşa edilməsində əsas məqsəd yol nəqliyyat hadisələrinin qarşısını almaq olsa da, hələ də yolun hərəkət hissəsindən keçən piyadalar var. Beləliklə də həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi sözügedən ərazidə vaxtaşırı maarifləndirici tədbirlər həyata keçirir. Qeyd edək ki, Zaqatalada bir müddət öncə tikilib istifadəyə verilən 4 giriş və çıxışdan ibarət olan yeraltı piyada keçidinin uzunluğu 130 metrə çatır. Piyadaların hərəkəti üçün hər cür şərait yaradılan yeraltı keçid nəqliyyatın hərəkətini asanlaşdırmağa hesablanıb.