Qəbələ və Şəkidə növbəti kəndlər mavi yanacaqla təmin edilib...

07 Dekabr 2018 16:05

“Azəriqaz” İstehsalat Birliyi respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə Qəbələ və Şəkidə növbəti kəndlər mavi yanacaqla təmin edilib. Qəbələ rayonunun Kötüklü və Mıxlıqovaq kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Ümumilikdə 1082 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün uzunluğu 119 min 537 metr müxtəlif diametrli metal, polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Şəki rayonunun Çayqaraqoyunlu kəndi də təbii qazla təmin olunub. Keçirilən tədbirə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri qatılıb. Ümumilikdə 412 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün uzunluğu 34 min 759 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. ‸