ADRA-nın rəsmiləri sahihkarlarla görüşüb...

05 Dekabr 2018 18:27

Dövlət Reklam Agentliyinin Şimal-Qərb Bölgəsinin əməkdaşları Qəbələdə sahibkarlarla görüşüb. Agentliyin rəsmiləri daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarları qanunvericiliyin tələbləri barədə maarifləndirib. Maarifləndirici və reyd xarakterli görüşün məqsədi açıq məkanda reklam yerləşdirilməsi, reklam daşıyıcılarının üzərində yerləşdirilən reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir. Agentliyin müfəttişləri mütəmadi monitorinqlər aparmaqla eyni zamanda texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görür, açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzlərinin qorunmasını təmin edi. Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə yaradılan elektron müraciət sistemi haqqında da ətraflı məlumat verilib. Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb. Müfəttişlər ərazilərdə monitorinqlər aparmaq üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillərlə təmin ediliblər. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da artıq istifadəyə verilib. İş adamlarına ADRA-nın 1412 Çağrı Mərkəzi haqda da məlumat verilib. Bildirilib ki, mərkəz istənilən vətəndaşın suallarını cavablandırır, daxil olan şikayət və təklifləri dərhal araşdırıb, lazımi tədbirlər görür. ADRA bu cür görüşlərin gələcəkdə digər regionlarda da keçirilməsini nəzərdə tutur.