Zaqatala İcra hakimiyyətinin başçısı Makov kəndinin sakinləri ilə görüşdü...

05 Dekabr 2018 16:03

Zaqatala Rayonunun İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu dəfə Makov kəndində sakinlərin təkliflərini dinləyib. Əvvəlcə sakinlərə rayonda görülən işlər barədə məlumat verilib. Bildirilib ki,sovet dönəmində 13 min 500 ton quru tütün təhvil verilən rayonda uzun illər bu sahə tənəzzülə uğrasa da,son illər tütünçülük yenidən inkişaf edib. Təkcə ötən il bu sahədən 20 milyon manat gəlir əldə edilib. Həmçinin son 3 ildə rayonda istehsal edilən baramanın həcmi 8 dəfəyədək artaraq, bu il 48,2 tona çatdırılıb. Baramaçılıqda yem bazasının təmin edilməsi məqsədi ilə bu ildə 70 min ədəd xarici,124 min ədəd yerli tut tinginin kümçülərə pulsuz paylanılması nəzərədə tutulub.Rayonda 200 hektarda salınan yeni gül plantasiyasından isə bu il 600-700 min manata yaxın gəlir əldə edilib. Əsas məşğulluğu əkinçilik,maldarlıq və fındıqçılıq olan Makov kəndində son illər infrastrukturun və əhalinin güzaranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.Bununla belə,kənddə içməli su təminatı,elektrik dirəklərinin yenilənməsi,sel sularından mühafizə sahəsində görüləcək işlər var.Kənddə əhalini narahat edən problemlərdən biri də uşaq bağçasının olmamasıdır. Sakinlərin təkliflərini diqqətlə dinləyən rayon rəhbərliyi, həlli üçün aidiyyati idarələrə tapşırıqlar verib.