“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirildi...

04 Dekabr 2018 18:41
Şəkidə “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib. Konfransda müxtəlif regionlardan olan könüllülər iştirak edib. Konfransdan əvvəl könüllülərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə ölkənin müxtəlif bölgələrini təmsil edən gənclərin rəsmləri və tikmələri, o cümlədən qədim şəbəkə sənəti üzrə nümunələr və tulantılardan hazırlanmış əsərlər təqdim edilib. Eksponatlar arasında eyni zamanda RİİB-in fiziki imkanları məhdud könüllülərinin əsərləri də yer alıb. Tədbirdə RİİB könüllüləri qazandıqları təcrübə barədə fikirlərini bölüşüb, RİİB-in yeni layihələrini təqdim ediblər. Qeyd olunub ki, 2016-cı ildən fəaliyyət göstərən “Regional İnkişaf” İctimai Birliyi ictimai nəzarəti həyata keçirmək, əhalinin müxtəlif sahələrdəki problemlərini öyrənmək və onların dövlət və bələdiyyə orqanları ilə dialoq və əməkdaşlıq şəratində həllinə nail olmaq, dövlət tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə və layihələrə dəstək vermək istiqamətində bir sıra işlər həyata keçiri. Bu layihələrin icrasında RİİB könüllülərinin xüsusi rolu olub. Tədbirdə RİİB-in könüllülük fəaliyyətinə dair videoçarx da nümayiş olunub. RİİB-in nümayəndəsi Cəmil Əliyev bildirib ki, hazırda təşkilatın fəaliyyəti bütün respublika ərazisini əhatə edir və onun 9 regional mərkəzi yaradılıb. İctimai Birliyin fəaliyyətində bölgələr üzrə 500-dək könüllü iştirak edir.Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin könüllülük hərəkatının formalaşması və genişləndirilməsindəki rolundan danışıb. Bildirib ki, Heydər Əliyev Fondunin ölkə daxilində və xaricdə həyata keçirdiyi humanitar-mədəni layihələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, elm, təhsil və səhiyyənin inkişafında rol oynayıb. Daha sonra RİİB-in fəaliyyətində fəal iştirak edən könüllülər sertifikatlarla təltif olunublar. Tədbirin sonunda RİİB könüllülərinin birinci ümumrespublika konfransı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti oxunub. Müraciətdə qeyd olunub ki, gənclərin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması və vətən naminə səfərbər edilməsində könüllü fəaliyyətinin rolu danılmazdır. və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bundan sonra da humanizm, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq regionların sosial-iqtisadi inkişafı, Azərbaycanın tərəqqisi naminə fəaliyyət göstərəcəklər. Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis olunan “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir.