ABAD-ın yeni layihəsi ailələrə hansı imkanları yaradacaq?

03 Dekabr 2018 17:17

BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti Avropa İttifaqının maliyyə dəstəyi ilə şimal-qərb bölgəsində kiçik ailə biznesinin qurulmasında yerli əhaliyə yardım göstərir. Bir il əvvəl imzalanmış birgə təşəbbüsün məqsədi Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatalanı əhatə edən Şəki-Zaqatala iqtisadi zonasında yerli biznes təsərrüfatları və sahibkarlığı, inkluziv inkişafı və texnoloji innovasiyanı təşviq etməkdən ibarətdir. Balakəndə “ABAD” regional mərkəzinin vasitəçiliyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi çərçivəsində seçilmiş ailələrlə görüş keçirilib. Çıxış edənlər “ABAD”ın məqsədləri, fəaliyyəti, eləcə də, beynəlxalq sahədə əməkdaşlığın müsbət nəticələrindən söz açıb. Qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihə bu regionlarda yaşayan sakinlərin əlavə gəlir mənbəyi əldə etməsi üçün əlverişli imkanlardan biridir.Ailə şirkətləri bir çox sənaye sahələri üzrə ixtisaslaşır. Onlar məxsusi toxuçuluq ənənələrindən tutmuş təbii süddən hormonsuz dondurma istehsalına qədər müxtəlif sahələri əhatə edir. Sonra nümayəndə heyəti və tədbir iştirakçıları layihənin təqdimatını dinləyib, “ABAD”çılar və onlar üçün yaradılmış şəraitlə yerində tanış olublar. Qeyd edək ki, 2017-ci il dekabrın 13-də imzalanmış layihənin əsas məqsədi Balakəndə “ABAD” regional mərkəzinin vasitəçiliyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir. Bu çərçivədə Şəki-Zaqatala iqtisadi rayonundan 23-ü qadın, 21-i kişi olmaqla, 44 ailə seçilib ki, bunların da 12-si məcburi köçkün ailəsidir. Daha sonra nümayəndə heyəti Qaxın Əmircan kəndində Məcburi köçkün ailəsi ilə görüşüb, həmçinin Şəkidə ABAD Keramika və Tətbiqi İncəsənət Mərkəzinə də səfər edib.