FHN əməkdaşları Qəbələdə toplaşdı...

01 Dekabr 2018 15:06

Son 10 ay ərzində qeydə alınmış yanğınların 235-i respublikamızın şimal-qərb bölgəsinin payına düşüb. Yanğınların 16-sı Şamaxı, 29-u Ağsu, 30-u İsmayıllı, 34-ü Qəbələ, 31-i Ağdaş 11-i Oğuz , 20-i Şəki, 17-i Qax , 32-i Zaqatala və 15-i isə Balakən rayonunda qeydə alınıb. Bu yanğınlarda ümumilikdə 2 nəfər həlak olmuş və 9 nəfər xəsarət almış, dövlətə və vətəndaşlara ümumilikdə 1.728.555 manat məbləğində maddi ziyan dəyib. Bu fikirlər Qəbələdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə səslənib. Tədbirin əsas mövzusu “Payız-qış mövsümündə Şimal-Qərb RDYNİ-nin Xidməti ərazisində yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı vəzifələrin icrası, qarşıya çıxan problemlər və aidiyyəti təşkilatlar tərəfindən onların həlli istiqamətləri, qarşılıqlı iş fəaliyyəti” olub. Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın təhlükəsizliyi üzrə normativ əsaslar şöbəsinin rəisi daxili xidmət polkovniki Mehdi Ələsgərov, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional DYNI-nin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Abil Ağasəfov, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qurumlarının nümayəndələri iştirak edib. Tədbirdə əsasən Yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsilə bağlı Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin qarşısında duran vəzifələr, Qaz təsərrüfatının istismarı dövründə yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunması barədə maarifləndirici mövzular ətraflı müzakirə olunub.