Qaxda tütün yığımı başa çatmaq üzrədir...

28 Noyabr 2018 16:34

Qax rayonunun təsərrüfatlarında tütün yığımı başa çatmaq üzrədir. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi bu günədək fermerlərdən 6200 ton yaşıl tütün kütləsi qəbul edib. Bu, ötən il məntəqənin mövsüm ərzində qəbul etdiyi yaşıl tütünün həcmindən 728 ton çoxdur. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 780 ton quru tütün istehsal olunub. Quru tütün istehsalında da əvvəlki illə müqayisədə 90 ton artım qeydə alınıb. Hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının 41-də tütünün qurudulması prosesi davam edir. Proses başa çatdıqdan sonra məntəqə üzrə istehsal olunan quru tütünün həcmi bir az da artacaq. Qorağan kəndindən olan fermer Telman Şahmalıyev indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 413 ton “Virciniya” növlü yaşıl tütün təhvil verib. O, bu il 75 hektar sahədə tütün yetişdirib. Qaxingiloy kənd sakini Elşən İbrahimov mövsüm ərzində məntəqəyə 191 ton, fermer Namik Fərhadov isə 182,6 ton yaşıl tütün gətirib.