AZƏRTAC-ın Uşaq Bilik Portalı Şamaxı məktəblilərinə təqdim olunub...

24 Noyabr 2018 16:59

Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi- AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimat mərasimi keçirilib. Tədbirdə şagird, müəllim və valideynlər iştirak ediblər. Çıxış edənlər dövlət-gənclər siyasətindən söz açıb, məktəblilərin savadlı və bacarıqlı yetişməsində müasir informasiya resurslarının əhəmiyyətini diqqətə çatdırıb. AZƏRTAC-ın Uşaqlar üçün informasiya bölməsinin müdiri İradə İsayeva Uşaq Bilik Portalına aid təqdimatla çıxış edib. 2013-cü ildə yaradılmış Uşaq Bilik Portalı hər gün Azərbaycan və rus dillərində məktəblilərə lazımlı məlumatlar, ədəbiyyat nümunələri, cizgi və bədii filmlər, əyləncəli materiallar təqdim edir. Görüşlərdə müəllim və şagirdlərin portal barədə rəyləri, təklifləri öyrənilir və nəzərə alınır. Portalı yaratmaqda məqsəd uşaqların hər sahədə biliklərini zənginləşdirmək üçün Azərbaycan internet məkanında böyük məlumat bazası formalaşdırmaqdır. Daha sonra AZƏRTAC-ın və Şamaxı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqə komissiyasının müəyyənləşdirdiyi 5 ən yaxşı inşa yazı işinin müəllifinə AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi və Rayon Təhsil Şöbəsi adından diplom və hədiyyələr verilib. Həmçinin məktəblilərə Uşaq Bilik Portalının bukletləri paylanılıb.Tədbir şagirdlərin hazırladıqları bədii proqramla başa çatıb.