“Talassemiyasız həyat naminə”

24 Noyabr 2018 16:28
Qaxda “Talassemiyasız həyat naminə” 2-ci regional simpozium və ödənişsiz müayinələr keçirilib. Simpozium çərçivəsində, həmçinin Qax və ətraf rayonlardan olan 250-dən çox sakin ödənişsiz tibbi müayinələrə cəlb olunub.
Qax rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” şüarı altında 2-ci regional simpozium və ödənişsiz tibbi müayinələr keçirilib. Simpoziumda Qax, Şəki, Zaqatala, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında çalışan 150-dən çox tibbi personal, QHT nümayəndələri, talassemiyalı pasiyentlər və onların valideynləri iştirak ediblər. Məruzəçilər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Talassemiya Mərkəzinin və Fondun 2005-ci ildən həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinin bu xəstəliyə düçar olan insanların müalicə və profilaktikasında rolu barədə danışıb. Simpozium işini elmi sessiyalarda davam etdirib. Tədbirin sonunda iştirakçı həkimlərə sertifikatlar təqdim olunub. Simpozium çərçivəsində, həmçinin Qax Rayon Mərkəzi Xəstəxanasında talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə Qax və ətraf rayonlardan olan 250-dən çox sakin ödənişsiz tibbi müayinələrə cəlb olunub. Talassemiya Mərkəzinin mütəxəssisələri eyni zamanda talassemiyalı xəstələrin müalicə aldığı Şəki və Qəbələ rayon xəstəxanalarına baxış keçirib, yerli tibb işçiləri ilə təcrübə mübadiləsi aparılıb.