Vaqif Həsənov Zaqatalada məskunlaşan Ağdam sakinləri ilə səyyar görüş keçirib...

23 Noyabr 2018 16:03

Əhalinin problemlərinin yerindəcə öyrənilməsi və həll edilməsi məqsədi ilə Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov Zaqatalada məskunlaşan Ağdam sakinləri ilə səyyar görüş keçirib. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov rayonda məskunlaşan məcburi köçkünlərin, eləcə də 58 ailə -214 nəfər Ağdam sakinin probleminin daim diqqət mərkəzində saxlanıldığını bildirib. İdarə və qurum rəhbərlərinin də iştirak etdiyi görüşdə əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Ağdam rayon İcra hakimiyyətinin başçısı Prezidentin birbaşa tapşırığı ilə keçirilən belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli baxımından olduqca önəmli olduğunu bildirib. Görüşdə həmçinin Ağdam sakinlərinin müraciətləri də dinlənilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerindəcə həll edilib, digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.