Keramika və tətbiqi sənət mərkəzinə mediatur təşkil olunub...

22 Noyabr 2018 17:02
Şəkidə yerləşən ABAD Keramika və Tətbiqi sənət mərkəzinə media tur təşkil olunub. Turda 20-dən çox kütləvi informasiya vasitəsinin nümayəndəsi iştirak edib. Media nümayədələrinə bildirilib ki, Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb. IX əsrdə isə Şəki artıq yalnız öz xalça və şirniyyatı ilə deyil, keramikası ilə də dillər əzbəri idi. Bu səbəbdən Cənubi Qafqazın ilk Keramika Mərkəzinin məhz burada yaradılması heç də təsadüfi deyil. “ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğunun ərazisində Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir və bərpa edilərək ABAD-ın istifadəsinə verilib. Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər keçirilir. Məqsəd isə yeni sənətkarların yetişdirilməsidir. Vətəndaşların xidmətinə nəzəri və tətbiqi kurslar, sobalar, avadanlıqlar və digər materiallar təqdim edilir. Evlərində peşəkar şəraiti yarada bilməyən vətəndaşlar mərkəzin bütün xidmətlərindən istifadə edə bilərlər. Eyni zamanda da digər bölgələrdən gələnlərə mərkəzin nəznindəki “Qonaq zonası”nda kurs zamanı ödənişsiz gecələmək üçün şərait yaradılıb. Keramika Mərkəzinin daha bir əhəmiyyətli xüsusiyyəti ondan ibarətdir ki, burada yalnız yerli gildən istifadə olunur, bu da idxalı əvəz siyasətinə uyğundur.