“Ölkəmizi tanıyaq”ın 2-ci mərhələsinə start verildi...

19 Noyabr 2018 17:29
İsmayıllı da tur-aksiya çərçivəsində məktəblilərin Quba-Qusar- Xaçmaz rayonlarına yola salınma mərasimi keçirilib. “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları və rayon rəsmiləri ilk öncə Ümummili liderin abidəsini ziyarət edib. Daha sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin əks etdirən fotolarla tanış olublar. Məktəblilərin hazırladıqları fləşmob və marşlar təqdim olunub. Daha sonra məktəblilər Quba-Qusar-Xaçmaz rayonlarına yol düşüblər. Qaxda da məktəblilərindən ibarət qrup Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıblar. Qax məktəbliləri yola salma mərasiminə gələn icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tur-aksiyaların əhəmiyyətindən söhbət açıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb. Onlar dörd gün ərzində Lənkəran, Masallı və Astara rayonlarının tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, bu rayonların görməli yerlərini gəzəcəklər. Bundan əlavə, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, əyləncəli proqramların təşkili də nəzərdə tutulub. Həmçinin Tur-aksiya çərçivəsində Şəkiyə də məktəblilərin səfəri baş tutub. Quba, Qusar, Xaçmaz, Xızı, Şabran rayonlardan olan məktəblilər ilk öncə Heydər Əliyev mərkəzində olublar. Məktəblilər burada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, mərkəzin fəaliyyəti ilə tanış olublar. Şagirdlərə Şəkinin tarixi, qədimliyi, burada yerləşən abidələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu bölgə gündən-günə inkişaf edən turizm iqtisadiyyatı, multikulturalizm ənənələri və qədim tarixi məkanları ilə tanınır. Son illər bölgənin rayonlarında, eləcə də Şəkidə kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafına böyük diqqət göstərilir. Bundan sonra isə tur-aksiya iştirakçıları Şəkinin tarixi yerlərini gəzmək üçün yola düşüblər. İlk öncə Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunu gəzən məktəblilər Şəki Xan Sarayında olublar. Şagirdlərə abidənin tarixi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Məktəblilər daha sonra ABAD Keramika və tətbiqi sənət mərkəzi və qala divarları içərisində yerləşən digər abidə və muzeyləri gəziblər. Şəki səfərini yekunlaşdıran tur-aksiya iştirakçılarının növbəti dayanacağı Zaqatala rayonu olacaq.