Yağışlar sürüşməni yenidən aktivləşdirdi...

19 Noyabr 2018 16:34

Bir neçə gündür davam edən yağıntılı hava şəraiti Şamaxıda sürüşmə sahələrini yenidən aktivləşib. Xüsusilə də sürüşmənin daha çox yaşandığı 48 A məhəlləsində torpaq axını daha da artıb. Daha bir ailə də sürüşmə səbəbindən evini tərk edərək başqa əraziyə köçüb. Şamaxının 48-A məhəlləsindəki sürüşmə sahəsində yeni çatlar əmələ gəlib, əvvəlki çatların ölçüləri bir qədər də artıb. Sakinlərin sözlərinə görə, son günlər yağan yağışlardan sonra torpaq sürüşməsi aktivləşib. Sürüşmə hər gün davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir. Ərazidə böyük yarğanlar və çökmələr əmələ gəlib. Sürüşmə sahəsindəki bəzi evlərdə yaşamaq qeyri-mümkün hal alıb. Bəzi evlərə gələn qaz xətləri də qırılıb. Sakinlər deyir ki, hər yağışdan sonra aktivləşən torpaq kütləsi məhəllədaxili yolları da yararsız hala salır və nəticədə avtomobil yolunun bağlanmasına səbəb olur. Qeyd edək ki, iki ildir baş verən torpaq sürüşməsi nəticəsində 48 A məhəlləsində 15 ev qəzalı vəziyyətə düşüb. Nəticədə 7 evin sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçmək məcburiyyətində qalıb. Son yağan yağışlardan sonra daha bir sakinin evi yaşayış üçün yararsız vəziyyətə düşdüyündən o da evini tərk edib.