Jurnalistlər Mazımçay gömrük postunda... Gömrük postunda Ermənistana aid əşyalar saxlanılıb...

17 Noyabr 2018 17:14

Azərbaycanın Şimal-qərb qapısı sayılan Mazımçay gömrük postunda təşkil edilən mediatur çərçivəsində məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır. Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olub və burada həyata keçirilən gömrük prosesləri barədə məlumatlandırılıb. ömrük postunda bəzi hallarda müşahidə olunan sıxlıqların səbəbləri də jurnalistlərə izah olunub. Bildirilib ki, səbəb bəzi günlərdə hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının və digər malların gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir."Bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipinə əsaslanan layihə "bir pəncərə" sistemi çərçivəsində reallaşdırılır. Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir. Yeniliklərdən biri də budur ki, əvvəl gömrük qaydalarını pozan nəqliyyat vasitələri üzrə tətbiq edilən cərimələri yalnız banklar vasitəsilə ödəmək mümkün idisə, hazırda "ASAN Pay" və digər elektron ödəmə sistemləri vasitəsilə də ödənişləri həyata keçirmək olur. Jurnalistlər müvəqqəti saxlanc anbarına da baş çəkiblər. Anbarda vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılıb. Bu məhsulların içərisində müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetkalar və. s məhsullar üstünlük təşkil edib. Maraqlı məqamlardan biri də odur ki, anbarda, həmçinin turistlərin "Armenia" adı ilə gətirdiyi müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr saxlanılıb. Ümumilikdə , bu adla saxlanılan əşyaların sayı 100-ə yaxındır. Həmçinin qeyd edək ki, Dövlət Gömrük Komitəsi dövlət sərhəddini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Burada məqsəd bütün mallar haqqında ətraflı məlumat verməklə sərnişinləri bilgiləndirməkdir.