10 rayondan olan 360 məktəblinin şimal-qərb bölgəsinə səfəri başa çatıb...

17 Noyabr 2018 16:22
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb. Layihə çərçivəsində noyabrın 14-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayan məktəblilər noyabrın 17-də ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər. Aksiya çərçivəsində rayonlarla tanışlıqla yanaşı, intellektual oyunlar keçirilib, teatr tamaşaları və konsert proqramları da təşkil edilib. Son olaraq Qəbələni gəzən məktəblilər bölgədən xoş təəssüratlarla ayrılıblar.
"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində şimal-qərb bölgəsinə səfər edən Saatlı, Sabirabad, Cəlilabad, Cəbrayıl və Qubadlı məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günü Qəbələ rayonunun istehsal müəssisələri, tarixi məkanları və görməli yerləri ilə tanış olublar.Tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Sonra məktəblilər Qəbələdə fəaliyyət göstərən konserv zavodu, sərinləşdirici içkilərin və kartof çipslərinin istehsalı müəssisələri ilə tanış olublar. Ardınca Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, kompleks bölgənin ən çox turist qəbul edən obyektidir. Heydər Əliyev Konqres Mərkəzi və İstirahət və Əyləncə Mərkəzi ilə tanışlıq da məktəblilərin ürəyincə olub. Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsinə səfər edib, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu ilə, eləcə də Qəbələ Arxeoloji Mərkəzində maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məktəblilər, həmçinin intellektual bilik yarışlarında öz bacarıqlarını nümayiş etdiriblər. “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilib. Ölkəmizin müxtəlif bölgələrinin məktəblilərindən ibarət 40-dan çox komandanın iştirak etdiyi yarışın sonunda qaliblərə xatirə hədiyyələri verilib. Məktəblilər şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar. Beləliklə, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.