Ölkəmizi tanımaq üçün yola düşənlər və onların təəssüratları…

16 Noyabr 2018 16:47
Ölkəmizin tarixini, xalqımızın mədəniyyətini, adət-ənələrini, həmçinin bu gününü də yaxşı bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Yaxşı olardı ki, elə bu, məktəb yaşlarından başlasın, bunun üçün həyata keçirilən “ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyəti əvəzsizdir, məktəblilər üçün gözəl imkandır. Layihənin növbəti mərhələsinə start verilib, regionumuzun da məktəbliləri yola salınır və digər bölgələrdən qonaqlar qəbul edilir.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Şəki- Qəbələ-Zaqatala marşrutu üzrə hərəkət edən Cəbrayıl, Cəlilabad, Qubadlı, Saatlı və Sabirabad məktəblilərindən ibarət qrup Zaqatalada olub. Məktəbliləri Zaqatala Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyəti başçısının müavini və təhsil şöbəsinin əməkdaşları qarşılayıblar. Şagirdlərə Azərbaycanın dilbər guşələrindən olan Zaqatala rayonunun tarixi abidələri və müasir istehsal müəssisələri, turizm obyektləri, bölgənin gözəl təbiəti haqqında məlumat verilib. Qeyd edilib ki,126 min nəfər əhalisi olan Zaqatala rayonunda 20-dən çox azsaylı xalqın nümayəndəsi yaşayır. Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olan məktəblilərə daha sonra Zaqatala Tarix-Mədəniyyət Qoruğunu ziyarət ediblər. Qoruq haqqında şagirdlərə geniş məlumat verilib və bildirilib ki, 1804-1830-cu illərdə inşa edilən qoruq Zaqatala qalasında yerləşir. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, burada “Yenilməz batalyon”, “Cavad xan” filminin bəzi səhnələri çəkilib. Şəkidə də bu gün Ölkəmizi Tanıyaq layihəsinin iştirakçıları səfərdə olublar. Zərdab, Kürdəmir, Ucar, Hacıqabul və Biləsuvardan gələn 200-dən çox məktəbli Şəki ilə tanışlığa Heydər Əliyev mərkəzindən başlayıblar. Məktəblilər burada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, mərkəzin fəaliyyəti ilə tanış olublar. Şagirdlərə Şəkinin tarixi, qədimliyi, burada yerləşən abidələr barədə ətraflı məlumat verilib. Bundan sonra isə tur-aksiya iştirakçıları Şəkinin tarixi yerlərini gəzmək üçün yola düşüblər. İlk öncə Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunu gəzən məktəblilər Şəki Xan Sarayında olublar, qala divarları içərisində yerləşən abidə və muzeyləri gəziblər. Həmçinin bu gün Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti dəfə Şəkidən olan iştirakçıları ilə görüşüb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tur-aksiya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfər edən Şəki məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, o cumlədən müstəqillik illərində qazanılan nailiyyətlərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Sonda tur-aksiya iştirakçıları Heydər Əliyev mərkəzinə gəliblər. Burada məktəblilər ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər və mərkəzin fəaliyyəti ilə tanış olublar.