İsmayıllılı məktəblilərsə digər rayonları tanımaq üçün yola salınır...

15 Noyabr 2018 17:21

İsmayıllı rayonunda isə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba-Qusar- Xaçmaz rayonlarına gedəcək gənclər və valideynləri ilə görüş keçirilib. İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə ictimaiyyətinin nümayəndələri də iştirak edib. İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsinin gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edilib ki, artıq 6 cı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Məktəblilər də bu tur-aksiyanın iştirakçısı olduqları üçün qürur hissi keçirdiklərini bildiriblər.