İcra başçısı ucqar kənddə sakinlərlə görüşdü...

15 Noyabr 2018 17:14

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə isə bu dəfə rayonun ən ucqar və dağlıq yaşayış məskəni olan Ələsgər kəndində sakinləri dinləyib. Mamrux inzibati ərazi dairəsinə aid olan Ələsgər kəndində 105 təsərrüfat üzrə 314 nəfər sakin yaşayır. Səyyar qəbul çərçivəsində ilk öncə sakinlərə Respublikada, o cümlədən rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Kənd təsərrüfatının inkişafından danışılıb. Bildirilib ki, son iki il ərzində rayonda mövcud olan 9575 hektar fındıq bağı yeni əkilən bağlar sayəsində iki dəfəyədək artırılaraq, 18503 hektara çatdırılıb. Rayonda baramaçılıq, tütünçülük və gülçülük də öz inkişaf dövrünü yaşayır. Daha sonra kənddə görülən işlər və öz həllini gözləyən problemlərə toxunulub. Belə ki, kənddə son illər 50 yerlik yeni məktəb binası inşa edilib, su təchizatı yaxşılaşdırılıb. Kənddaxili yollara daş döşənib. Səyyar görüş çərçivəsində həmçinin sel sularından mühafizə, yeni artezyan quyusuna ehtiyac kimi məsələlər də müzakirə edilib. Kəndin tibb məntəqəsinin yararsız hala düşdüyü, hal-hazırda müvəqqəti olaraq məktəb binasında fəaliyyət göstədiyi qeyd olunub. Həmçinin vurğulanıb ki, rayon mərkəzindən 25 km aralıda yerləşən kəndə aparan yolun təqribən 3 kilometri çay yatağı və çaylaq ərazisindən keçir. Bu isə gediş-gəlişdə çətinlik yaradır. Sakinlərin problemini diqqətlə dinləyən icra başçısı, həlli istiqamətində aidiyyatı qurumlara tapşırıq verib.