Zaqatalada 4 minə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyənləşib...

14 Noyabr 2018 17:25

Artıq Zaqatala rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon icra hakimiyyətinin nümayəndələrinin, eləcə də bələdiyyələrin və mülkiyyətçilərin iştirakı ilə ictimai təqdimat keçirib. Tədbirdə Zaqatala rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub. Məlumat verilib ki, ulu öndər Heydər Əliyevin tapşırığına əsasən respublikada ilk təcrübə olaraq torpaq islahatı işlərinə Zaqatalada başlanılmışdı. Hazırda həyata keçirilən torpaqların elektron kadastr uçotu işləri də bu islahatların davamıdır. Görülən işlər çərçivəsində rayonun Əliabad inzibati ərazi vahidliyində yerləşmiş keçmiş Qələbə və Əliabad təsərrüfatlarında torpaq islahatına düzəliş işləri tamamən yenidən aparılıb. Nəticədə 4000-ə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyən edilib və hazırlanan kadastr məlumat bazaya daxil edilib. Digər rayonlarda olduğu kimi burada da mülkiyyət mənsubiyyətindən asılı olmayaraq torpaqların sərhədləri müəyyənləşib. Heç bir torpaq sahibi digər ərazini qanunsuz olaraq istifadə edə bilməyəcək. Eyni zamanda, rayonun torpaq fondunda müxtəlif kateqoriyalara aid, o cümlədən kənd təsərrüfatı, sənaye təyinatlı ərazilərin həcmi müəyyən olunub. Uçot işləri Zaqatala rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 65,2 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 13,9 min hektar dövlət, 22,8 min hektar bələdiyyə, 28,5 min hektar özəl torpaqların payına düşür. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə 1104 tikili və qurğuların olduğu aşkarlanıb. Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.